Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

    Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.
   Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir.
   Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocasən və Sanqaçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931-1934-ci illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cu il) ilə əlaqədar qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov küçəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınmışdır. Lökbatan qəsəbə inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur.
   Rayonun ikinci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən Sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
   Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-ci illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək ucun bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur.
   Ehtimallara görə qədim quş (Kərgəz) və ya qadın (Gulgəz) adı mənasını daşıyan Korgöz qəsəbəsinin indiki ərazisində neftin çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar 1932-33-cu illərdə burada neftçilər məskunlaşmış və o vaxt yaradılan Azərbaycan Neft Sənaye İdarəsinin (Azneftsənaye) qısaldılmış adı ilə bağlı həmin yaşayış massivi AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgoz və AZNS yaşayış məntəqələri Qızıldaş qəsəbəsinin tərkibində olmuş və 2000-ci ildə Korgöz qəsəbə inzibati-ərazi vahidliyi təşkil olunmuşdur.
   Qızıldaş qəsəbəsinin bünövrəsi 1945-46-cı illərdə qoyulmuş və qəsəbə əvvəllər yaxınlıqda olan təpənin zirvəsindən çıxan qırmızı qum və kərpiclə əlaqədar Qızıltəpə adlandırılmışdır. 1948-ci ildən qəsəbənin ətrafında neftin çıxarılması ilə bağlı respublikanın müxtəlif yerlərindən bura insanlar köçmüş, qəsəbəyə Yeni Trest (Neft İdarəsi) adı verilmiş və 1954-cü ildə qəsəbə inzibati ərazi vahidliyi yaradılmışdır. 1973-cü ildə qəsəbənin adı ərazidən çıxan mişar daşı ilə bağlı Qızıldaş adlandırılmışdır.
   Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər ucun 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulmuş və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
   Toponim kimi ağ daş mənasını daşıyan Sanqaçal qəsəbəsinin ərazisində 1936-37-ci illərdə dəmir yolu stansiyası fəaliyyət göstərmiş və dəmiryolçular üçün barak tipli ilk yaşayış evləri salınmışdır. 1940-cı ilədək burada kiçik balıqçılar zavodu olmuş və yerli sakinlərin əksəriyyəti burada işləmişlər. 1940-cı illərin ikinci yarısından etibarən Sanqaçal qəsəbəsinin ərazisində hərbi əsirlər ucun yeni barak tipli evlər tikilmiş, iki hərbi hissə yaradılmış və hərbi şəhərcik salınmışdır. 1956-cı ilədək Sanqaçal qəsəbəsi Duvannı rayonunun tərkibində olmuş, 1956-cı ildə Molotov (Qaradağ) rayonunun tərkibinə verilmiş və 1968-ci ildə qəsəbə inzibati vahidliyi kimi təşkil olunmuşdur.
   Yaxınlıqda yerləşən dağın adını daşıyan Ceyildağ və ya balaca Bakı mənasını verən Umbakı qəsəbəsi 1947-1950-ci illərdən bu ərazidə neft yataqlarının istismarı ilə əlaqədar əhalinin məskunlaşması ilə bağlı yaradılmış və 1951-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
   Toponim kimi çökəklik mənası daşıyan Qobustan qəsəbəsinin indiki ərazisində 1893-1894-cü illərdə Duvannı stansiyası yaranmış, 1901-1905-ci illərdə ilk dəfə həmin stansiyasından xaricə neft yollanılmış və 1935-1937-ci illərdə ilk kəşfiyyat neft buruğu işə salınmışdır.
   1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olmuş, 1950-1954-cü illərdə tərkibində Sanqaçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla Duvannı rayonu yaradılmış və 1956-cı ildə həmin ərazilər yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə verilmişdir. Qəsəbə inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunmuş və 1972-ci ildə qədim tayfa adından götürülən qəsəbənin Duvannı adı dəyişdirilərək Qobustan qoyulmuşdur. Qobustan qəsəbəsinin ərazisində eramızdan əvvəl II minillikdə - “Daş dövründə” məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli Dövlət Tarixi Bədii Qoruğu yerləşir.
   Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir necə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması ucun qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881-1884-cu illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cu illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Molotov (Qaradağ) rayonunun tərkibindədir.
   Müşfiqabad qəsəbəsi Yeni Bakı Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdır. 1984-cu ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Muşfiqin şərəfinə adlandırılmışdır.

Keçidlər