Sanqaçal qəsəbəsində ümumrayon iməcliyi keçirilib
2025-ci ilin “Konstitusiya İli” elan olunması ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda genişmiqyaslı iməcliklər keçirilir. Bu tədbirlər çərçivəsində Sanqaçal qəsəbəsində də iməclik təşkil olunub.
Sanqaçal qəsəbəsi Qaradağ rayonunun mühüm yaşayış məntəqələrindən olmaqla yanaşı, burada yerləşən tarixi-mədəni turizm abidələri ilə də tanınır. Qəsəbədə yerləşən qədim məscid, karvansara qalıqları və digər tarixi abidələr yerli və xarici turistlərin diqqətini cəlb edir. Bu baxımdan ərazidə aparılan abadlıq və təmizlik işləri yalnız ekoloji deyil, həm də turizm baxımından xüsusi əhəmiyyət daşıyır.
İməclik zamanı qəsəbə ərazisində, o cümlədən turizm abidələrinin ətrafında genişmiqyaslı sanitar-təmizlik işləri görülüb, alaq otları təmizlənib, tullantılar yığışdırılıb. Küçələr, səkilər və istirahət guşələri səliqəyə salınıb. Eyni zamanda, yaşıllıq zolaqları bərpa edilib, yeni ağaclar və dekorativ bitkilər əkilib.
Sanqaçal sakinləri və burada fəaliyyət göstərən müəssisələrin kollektivləri də bu təşəbbüsə qoşularaq ərazilərinin abadlaşdırılması işində fəal iştirak ediblər. Turizm obyektlərinin ətrafında aparılan təmizlik işləri ərazinin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı, buraya gələn turistlər üçün də daha komfortlu və xoş şərait yaradılmasına yönəlib.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu cür iməcliklər cəmiyyətin ekoloji şüurunun artırılması, dövlətçilik dəyərlərinin təbliği və ictimai həmrəyliyin gücləndirilməsi məqsədinə xidmət edir. Xüsusilə “Konstitusiya İli” çərçivəsində keçirilən bu tədbirlər vətəndaş məsuliyyətinin artırılması baxımından əhəmiyyətlidir.