Qızıldaş qəsəbəsində ümumrayon iməcliyi keçirilib
2025-ci ilin “Konstitusiya İli” elan olunması münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində genişmiqyaslı iməcliklər keçirilir. Bu tədbirlər çərçivəsində Qızıldaş qəsəbəsində də növbəti iməclik təşkil olunub.
İməclik zamanı qəsəbənin küçə və məhəllədaxili yollarında, park və istirahət guşələrində təmizlik və abadlıq işləri görülüb. Ətraf ərazilər məişət tullantılarından və alaq otlarından təmizlənib, yol kənarları və səkilər səliqəyə salınıb. Həmçinin yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, yeni ağac və gül kolları əkilib.
Qızıldaş qəsəbəsinin sakinləri və burada fəaliyyət göstərən müəssisələrin kollektivləri iməclikdə fəal iştirak edərək yaşadıqları ərazilərin abadlaşdırılması və təmiz saxlanılması işinə öz töhfələrini veriblər.
Bu cür tədbirlərin keçirilməsi Qaradağ rayonunun ümumi abad görünüşünün yaxşılaşdırılması, ekoloji vəziyyətin sağlamlaşdırılması və vətəndaş məsuliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. İməcliyin “Konstitusiya İli” çərçivəsində təşkili isə ictimai həmrəyliyin gücləndirilməsi və dövlətçilik dəyərlərinin təbliği məqsədinə xidmət edir.