Qaradağda yaşıllaşdırma və ekoloji tədbirlər ardıcıl şəkildə davam etdirilir
Qaradağ rayonunda ekoloji mühitin yaxşılaşdırılması və yaşıllaşdırma işlərinin geniş miqyasda davam etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Mövcud yaşıllıq sahələrində ağac və kol bitkilərinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilir, torpaq örtüyünün münbitliyini qorumaq məqsədilə yeni alınmış gübrələrin səpilməsi prosesi aparılır.
Hazırda magistral yollar boyunca və park ərazilərində torpaqların gübrələnməsi işi görülür. Bu prosesə cəlb edilmiş sahə işçiləri gübrələmə işlərini xüsusi normativlərə uyğun şəkildə, əsasən əl üsulu ilə yerinə yetirirlər. Paralel olaraq torpağın yumşaldılması, kolların budanması və damcılı suvarma sistemlərinin tətbiqi kimi digər mühüm tədbirlər də planlı şəkildə icra olunur.
Rayonda görülən bu işlər ümummilli abadlıq və ekoloji tarazlığın bərpası siyasətinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələrin bir hissəsidir.
Qeyd edək ki, Qaradağ rayonunda salınan yaşıllıq zolaqları və parklar yalnız ekoloji sabitliyin qorunmasına deyil, eyni zamanda vətəndaşların sağlam və rahat istirahət imkanlarının artırılmasına da xidmət edir.






