Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda keçirilən ümumrayon İməcliyində Ə.Əmirov adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) kollektivi də yüksək fəallıq göstərib

17 may 2025 | 10:54

Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində genişmiqyaslı ümumrayon iməcliyi təşkil olunub. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Tədbirin məqsədi Qaradağ rayonunun daha da abadlaşdırılması, yaşıllaşdırılması, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İməclik çərçivəsində rayon ərazisində sanitar-təmizlik işləri görülüb, yaşıllıq zolaqları alaq otlarından təmizlənib, yeni ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Küçələr, parklar, məhəllədaxili yollar, səkilər və digər ictimai məkanlarda təmizlik və abadlıq işləri həyata keçirilib.

İməclikdə Ə.Əmirov adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) kollektivi də yüksək fəallıq göstərib. İdarənin əməkdaşları öz ərazilərində genişmiqyaslı təmizlik və abadlıq işləri aparıblar. Ərazi tullantılardan təmizlənib, dekorativ yaşıllıq zolaqları bərpa olunub, yeni gül kolları və ağaclar əkilib. Görülən işlər idarənin kollektivi tərəfindən böyük məsuliyyətlə icra olunub və Qaradağ rayonunun daha da abad və gözəl görkəm almasına töhfə verib.

Qaradağ Rayon İcra Hakimiyyəti bu cür iməcliklərin davamlı olaraq keçirilməsini nəzərdə tutur və hər kəsi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, təmiz və abad saxlanması istiqamətində fəallıq göstərməyə çağırır.

Belə tədbirlər bir daha sübut edir ki, ictimai həmrəylik və vətəndaş məsuliyyəti sayəsində yaşadığımız mühitin daha da gözəlləşdirilməsi və sağlamlaşdırılması mümkündür.

Keçidlər