Abşeron Ticarət Mərkəzi Qaradağ rayonunda keçirilən ümumrayon iməcliyində fəal iştirak edib
2025-ci ilin ölkəmizdə “Konstitusiya İli” elan olunması çərçivəsində və ictimai həmrəyliyin gücləndirilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon iməcliyi təşkil olunub.
Təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparıldığı bu iməclikdə Abşeron Ticarət Mərkəzinin kollektivi də fəal iştirak edib. Ticarət mərkəzinin əməkdaşları ərazidə genişmiqyaslı təmizlik işləri görüb, məişət tullantıları toplanaraq daşınıb, səkilər və piyada keçidləri yuyulub, ətraf sahələr alaq otlarından təmizlənib.
Abşeron Ticarət Mərkəzi yaşıllaşdırma işlərinə də xüsusi diqqət ayırıb. Ərazidə yeni ağaclar və dekorativ gül kolları əkilib, mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Abşeron Ticarət Mərkəzinin kollektivi tərəfindən görülən işlər ətraf mühitin sağlamlaşdırılmasına və rayonun abad görünüşünün yaxşılaşdırılmasına xidmət edib.
Bu tədbirin “Konstitusiya İli” çərçivəsində keçirilməsi dövlətçilik dəyərlərinə hörmətin, ictimai məsuliyyətin və ekoloji mədəniyyətin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Abşeron Ticarət Mərkəzi bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqliyini bir daha nümayiş etdirib.