“Zəfərin zirvəsi – Suverenlik” adlı dəyirmi masa keçirilib
Sentyabrın 16-da Qaradağ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə əlaqədar “Zəfərin zirvəsi – Suverenlik” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mərkəzin direktoru Çərkəz Əliyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qərbi Azərbaycan İcmasının Qaradağ rayonu üzrə sədr müavini İbad Mehdiyev, həmçinin Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabit və əsgər heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmaqla, 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələnib. 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu tarixi hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini əks etdirir.
Dəyirmi masa zamanı Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının Azərbaycanın bugünkü inkişafının əsasını təşkil etdiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirildiyi vurğulanıb. Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və hərbçilərimizin göstərdiyi şücaət xüsusi qeyd olunub.
Sonda Azərbaycanın suverenliyinin bərpasını əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Qaradağ rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.






