Zəfər Gününün 5 illiyinə həsr olunmuş yaşıllaşdırma aksiyası
Yaşıllaşdırma və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlərin davamı olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı–Ələt magistral yolunun 26-cı kilometrliyində, Sahil qəsəbəsi inzibati ərazi dairəsinin ərazisində, Xəzər adalarının qarşısında 100 ədəd həmişəyaşıl ağac əkilib.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Qaradağ RİH-nin və eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbər heyəti iştirak ediblər. Tədbir Zəfər Gününün 5 illiyinə həsr olunaraq, şəhidlərin müqəddəs xatirəsinə ehtiram və müstəqil Azərbaycanın inkişafına töhfə verən ekoloji təşəbbüslərin dəstəklənməsi məqsədi daşıyıb.
Əkilən zeytun və alyandra ağacları iqlim şəraitinə uyğunluğu, davamlılığı və uzunömürlülüyü ilə seçildiyindən, ərazidə sabit və davamlı yaşıllıq zonasının formalaşmasına mühüm töhfə verəcək. Əkin zamanı torpağın hazırlanması, suvarma sisteminin qurulması və digər aqrotexniki tədbirlər də paralel şəkildə həyata keçirilib.
Yaşıllıq sahələrinin artırılması həm ekoloji mühitin sağlamlaşdırılması, həm də şəhər və qəsəbələrin abadlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qaradağ Rayon İcra Hakimiyyəti bu istiqamətdə işlərin gələcəkdə də ardıcıl şəkildə davam etdirilməsini planlaşdırır.
Bu layihə keçmişə ehtiram, bu günə məsuliyyət və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin yaradılması deməkdir.






