Şriftin ölçüsü :

Saytın rəngi :

“Yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair tədbir” təşkil edilib

19 may 2023 | 17:21

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli 825-VIQD nömrəli Qanununa (həmin Qanun 10 aprel 2023-cü ildə qüvvəyə minib) əsasən Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçılarının müavini vəzifələri istisna olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul müsabiqə, inzibati vəzifələrin tutulması isə müsabiqə, ümumi müsahibə və daxili müsahibə əsasında həyata keçirilir.

Həmin Qanunun müvafiq maddələrinin düzgün və operativ icrasını təmin etmək məqsədilə 2023-cü il 19 may tarixində Dövlət İmtahan Mərkəzində tədbir təşkil edilib. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və DİM-in dövlət qulluğu sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər, dövlət qulluğunun inkişaf istiqamətləri, habelə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulun prinsipləri barədə iştirakçılara məlumat verib.

Daha sonra Mərkəzin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi”, Mərkəzin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sahəsində təlimlər”, Mərkəzin Müsahibələrin təşkili sektorunun aparıcı məsləhətçisi Kamran Səfərov isə “Dövlət qulluğu üzrə onlayn müsahibələrin təşkili” mövzularında təqdimatlar ediblər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu-Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları, dövlət qulluğu sahəsində təlimlər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr edilib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər