Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının 31-ci ildönümü qeyd olundu
Martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası - Azərbaycanı qələbələrə aparan partiya” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatı Aparatının və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və partiya fəalları iştirak etdilər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi. Sonra tədbir iştirakçıları heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev rayon təşkilatının 31 il ərzində keçdiyi şərəfli yol haqqında danışdı. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs etdi.
Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirdi. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını qeyd etdi.
Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 31 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd etdi. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan A.Mirzazadə bu partiyanın həm də xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirdi.
Konfransda çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın təsis edildiyi dövrdə xalqımızın fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd etdi.
Milli Məclisin üzvü Səbinə Xasayeva isə YAP-ın yaranmasının xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd etdi. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərinin topladığını və nəticədə yetkin siyasi qüvvəyə çevrildiyini bildirdi.
Tədbirdə çıxış edən məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs etdi.
Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi və partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olundu.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev konfransın işinə yekun vuraraq bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün hər bir Azərbaycan vətəndaşını Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə və Vətənin mənafeyi naminə səylərini artırmağa çağırdı.