Volqoqradda yaşayan azərbaycanlı diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirmişlər.
10 may 2026-cı il tarixində “Volqoqrad–Bakı” Dostluq Parkında, Volqoqradda yaşayan azərbaycanlı diaspor nümayəndələri, milli ictimai təşkilatların rəhbər və fəalları – Saday Quliyev, Riçard Danakari, Rostom Şapiaşvili, Əli Həmidov və digər şəxslər, həmçinin müxtəlif diasporaların nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirmişlər.
Tədbir iştirakçıları XX əsrin 80-ci illərində SSRİ Nazirlər Sovetinin rəhbərlərindən biri, sonralar isə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin xatirəsinə ucaldılmış barelyef önünə gül dəstələri qoymuş, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Anım mərasimində Volqoqradda yaşayan tanınmış azərbaycanlı ictimai xadimlər Saday Quliyev və Əli Həmidov, osetin icmasının rəhbərlərindən Arsen Daurov, “Nic” Udin Vilayət İctimai Təşkilatının sədri Riçard Danakari, İngiloy icmasının rəhbəri Rostom Şapiaşvili və digər çıxış edənlər Heydər Əliyevdən XX əsrin böyük şəxsiyyətlərindən biri, görkəmli dövlət xadimi, Sovet İttifaqının nüfuzlu siyasi rəhbərlərindən biri kimi bəhs etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkənin iqtisadiyyatının, xalq təsərrüfatının inkişafında mühüm rol oynamış, BAM-ın kuratoru kimi fəaliyyət göstərmişdir. BAM tikintisinin iştirakçıları bu gün də onun prinsipial mövqeyini, idarəçilik məharətini, müdrikliyini və xidmətlərini minnətdarlıqla xatırlayırlar.
Tədbir iştirakçıları vurğulamışlar ki, XX əsrin 90-cı illərində Heydər Əliyev qətiyyətli, qanuni və uzaqgörən qərarları ilə Azərbaycanda hökm sürən xaosun və daxili qarşıdurmaların qarşısını almış, ölkədə sabitliyin və dövlətçiliyin bərpasına nail olmuşdur. O, Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunması, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yeni müttəfiqlik və dostluq münasibətlərinin formalaşdırılması istiqamətində mühüm xidmətlər göstərmişdir.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, idarəçilik bacarığı, müdrik və cəsarətli rəhbərliyi nəticəsində Azərbaycan dünyada böyük nüfuz, etimad və hörmət qazanmışdır. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri xalqlarımız və dövlətlərimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qorunması və inkişaf etdirilməsi olmuşdur.
XX əsrin böyük şəxsiyyəti, qüdrətli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daim hörmət və ehtiramla yad olunur.






