Volqoqradda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü
Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və birgə təşkilatçılığı ilə 2025-ci il mayın 10-da Rusiya Federasiyasının Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycan və Rusiya xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu bir daha nümayiş etdirib.
Tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Şamama Ağamuradova, Azərbacan əsilli, fəlsəfə elmləri doktoru, Volqoqrad Dövlət Aqrar Universitetinin professoru Riçard Danakari, Volqoqrad Dostluq Evinin Ağsaqqallar Şurasının sədri Arsen Çermenoviç Daurov, Kalmık icmasının rəhbəri Koşelyov Genadi Mixayloviç, Volqoqrad şəhəri Dağıstan xalqlarının milli-mədəni muxtariyyətinin “Dağıstan” adlı İctimai Təşkilatının sədri, Volqoqrad vilayəti qubernatorunun yanında Milli Siyasət üzrə Məsləhət Şurasının üzvü, Volqoqrad vilayətinin Millətlər və Kazakların işləri üzrə Komitəsi yanında İctimai Şuranın üzvü, Volqoqrad vilayətinin İctimai Palatasının üzvü Cəlilov Abdulvahab Məhəmmədnəbi oğlu Volqoqrad şəhərində yaşayan azərbaycanlılar, eləcə də müxtəlif millətlərin nüfuzlu ictimai xadimləri ilə yanaşı Volqoqrad şəhərinin ictimai fəalları iştirak ediblər.
Tədbirlər silsiləsi ənənəvi olaraq Volqoqrad-Bakı Dostluq Parkında keçirilən əklilqoyma mərasimi ilə başlayıb. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə iştirakçılar Ulu Öndər Heydər Əliyevin barelyefi önünə ehtiramla toplaşıb, Qaradağ Rayon İcra Hakimiyyəti və azərbaycanlı icmasının adından iki əklil təqdim ediblər.
Çıxış edən rəsmi şəxslər və ictimai xadimlər dahi liderin zəngin və şərəfli həyat yolundan, Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışaraq vurğulayıblar ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Ümummilli Lideridir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub, iqtisadiyyatı və mədəniyyəti inkişaf edib, müstəqilliyi möhkəmlənib. Rusiya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində də məhz Heydər Əliyevin diplomatik məharəti və siyasi iradəsi xüsusi rol oynamışdır.
Tədbir iştirakçıları öz çıxışlarında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla olan şəxsi görüşlərindən danışaraq bu dahi şəxsiyyətin insani keyfiyyətlərini, xalqına və vətəninə olan sonsuz sevgisini, yüksək intellektini və qətiyyətini xüsusi vurğulayıblar.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə müxtəlif millətlərin nümayəndələri öz milli rəqslərini təqdim ediblər. “Rus-Azərbaycan əməkdaşlığı”nın gənclər lideri, Volqoqrad Dostluq Evinin Gənclər Qanadının fəalı və mədəni-kütləvi tədbirlərin təşkilatçısı, “Kiberlər” gənclər mediahərəkatının könüllüsü Fərəciyeva Türkan Əli qızının təqdimatında Azərbaycan xalqının zəngin mədəniyyətini əks etdirən vətənpərvər mahnılar xüsusilə böyük maraqla qarşılanıb. Konsertdə səslənən musiqilər Heydər Əliyevin irsini, xalqına olan bağlılığını, Azərbaycanın müstəqilliyi və inkişafı naminə gördüyü əvəzsiz işləri tərənnüm edib.
Konsert proqramından sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə tər qızılgül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmiş, xatirə şəkilləri çəkdirərək bu anı əbədiləşdirmişlər.