Volqoqrad şəhərində “Heydər Əliyevin təhsil siyasətinin canlı nəticələri” adlı dəyirmi masa keçirildi
2025-ci il mayın 10-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Volqoqrad şəhəri Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində “Heydər Əliyevin Təhsil Siyasətinin Canlı Nəticələri” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi, xalqına və dövlətinə misilsiz xidmətləri barədə geniş fikir mübadiləsi aparıldı.
Volqoqrad şəhər administrasiyasının əhalinin mülki müdafiəsi üzrə komitəsinin sədri Nağıyev Xəzər Zəfər oğlu çıxış edərəl xüsusi vurğuladı ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmiş, dünya miqyasında nüfuzu artmışdır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi və hərbi qüdrətinin güclənməsi, ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi birbaşa Ümummilli Liderin yaratdığı siyasi məktəbin məntiqi davamıdır.
Volqoqrad vilayətinin Təbiət Ehtiyatları, Meşə Təsərrüfatı və Ekologiya Komitəsinin “Su Təsərrüfatı Tikintisi Direksiyası” dövlət büdcə müəssisəsinin direktor müavini Əhmədov Azad Əlixan oğlu qeyd etdi ki, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik və prinsipial siyasəti nəticəsində Azərbaycan 30 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq, 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbə qazanmışdır. 44 günlük Vətən müharibəsi zamanı əldə olunan şanlı Zəfər, Azərbaycanın tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Heydər Əliyev siyasətinin davamlılığının və Azərbaycan xalqının birliyinin bariz nümunəsi oldu. Azərbaycan bu qələbə ilə təkcə ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətini və tarixi ədaləti bərpa etdi.
Volqoqrad şəhəri Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Quliyev Saday İlyas oğlu vurğuladı ki, bu möhtəşəm Qələbə həm də dünya azərbaycanlılarının qürur mənbəyidir. Hər bir soydaşımız xaricdə Azərbaycanı təmsil edərkən, məhz bu tarixi Zəfəri xüsusi fəxrlə xatırlayır və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcəyə inamla addımladığına şahidlik edir.
Tədbirdə çıxış edən Volqoqrad şəhər Dumasının deputatı Həsənov İldırım Fərzixan oğlu həmçinin Azərbaycan diasporunun fəaliyyətinin əhəmiyyətindən bəhs edərək, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev irsinin, onun müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının vacibliyini xüsusi qeyd etdi. Volqoqrad vilayəti “Rus-Azərbaycan əməkdaşlığı”nın rəhbəri Nəhmətov Bəhram Baba oğlu bildirdi ki, bu gün Volqoqradda və bütövlükdə Rusiyada azərbaycanlı icmasının ictimai-siyasi həyatda fəal iştirakı, uğurları və nüfuzu məhz Ümummilli Liderin vaxtilə əsasını qoyduğu güclü diaspor siyasətinin nəticəsidir.
Dostluq Evinin Gənclər Qanadının rəhbəri Rəcəb Əhmədov qeyd etdi ki, Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası hər bir soydaşımız üçün milli birlik və həmrəylik platformasıdır. Onun müəyyənləşdirdiyi prinsiplər bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində xüsusi rol oynayır.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Şamama Ağamuradova iştirak edərək çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində əsasını qoyduğu strateji proqramlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənc nəslə verilən dəyər sayəsində Azərbaycan həmişə yüksək intellektli, vətənpərvər kadrlar yetişdirən ölkə kimi tanınır.
Volqoqrad Dövlət Aqrar Universitetinin professoru, fəlsəfə elmləri doktoru Riçard Danakari çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin 1993 və 2005-ci illərdə təsdiqlədiyi Təhsil üzrə Dövlət Proqramları Azərbaycanda gənclərin, xüsusilə regionlarda yaşayan istedadlı tələbələrin hərtərəfli inkişafına zəmin yaratmışdır. O vurğuladı ki, Heydər Əliyevin imzaladığı Təhsil Strategiyası ölkəmizin kənd təsərrüfatı ixtisaslı kadr çatışmazlığının qarşısını almaq üçün Aqrar Universitetlər şəbəkəsinin genişləndirilməsini nəzərdə tutmuş, bu sahədə tədrisə müasir texnologiyalar və elmi-tədqiqat bazaları daxil etmişdir. Bu, yalnız Bakı və Gəncə deyil, elə Volqoqrad kimi xaricdə yaşayan soydaşlarımızın da ali təhsil səviyyəsini yüksəltməyə şərait yaratdı. Dövlət Proqramları çərçivəsində yaradılmış Prezident təqaüdü sistemi gənclərin xaricdə təhsil almağı, beynəlxalq təcrübə mübadiləsi keçməyi mümkün etdi. Məhz bu təşəbbüs sayəsində universitetimizdə təhsil almış azsaylı istedadlı tələbələr yeni aqrar texnologiyaları Azərbaycana daşıdılar və yerli fermerlərin məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdılar. Ulu Öndərin təhsilə verdiyi prioritet həmçinin ali məktəblərdə təlim-tədqiqat laboratoriyalarının, rəqəmsal sinif otaqlarının, eləcə də pedaqoji kadr hazırlığının gücləndirilməsini əhatə edir. Bu gün Volqoqrad Dövlət Aqrar Universiteti ilə bağlı elmi layihələr və müştərək tədqiqat proqramları Heydər Əliyevin bu uzaqgörən xəttinin canlı davamıdır, deyərək fikrini tamamladı.
Sonda tədbir iştirakçıları belə möhtəşəm tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etdilər, onun ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində daim fəal olacaqlarını vurğuladılar.