Şriftin ölçüsü :

Saytın rəngi :

Volqoqrad şəhərində "Heydər Əliyev: Sülhün, tolerantlığın və multikultural dəyərlərin memarı” mövzusunda dəyirmi masa keçirildi

10 may 2025 | 20:05

   2025-ci il mayın 10-da Volqoqrad şəhərində “Heydər Əliyev: Sülhün, Tolerantlığın və Multikultural Dəyərlərin Memarı” adlı dəyirmi masa Volqoqrad şəhəri Dağıstan xalqlarının milli-mədəni muxtariyyətinin “Dağıstan” İctimai Təşkilatının ofisində keçirildi. 

   Volqoqrad Dövlət Aqrar Universitetinin professoru, fəlsəfə elmləri doktoru Riçard Danakari açılış nitqində bildirdi ki, Heydər Əliyevin tolerantlıq siyasəti müxtəlif dini və etnik qrupların qarşılıqlı hörmət əsasında sülh içində yaşaması üçün nümunəvi modeldir. O vurğuladı ki, dahi lider etnik zənginliyi “mədəniyyətlərarası körpü” adlandıraraq, Azərbaycanda 130-a yaxın milli muxtariyyətin yaradılmasında göstərilən qayğının mahiyyətini belə izah etmişdir.

   Volqoqrad Dostluq Evinin Ağsaqqallar Şurasının sədri Arsen Çermenoviç Daurov çıxışında Heydər Əliyevi multikulturalizmin “rəngarəng palitrası” kimi təcəssüm etdirilən ideyasına görə tərifləyərək, Azərbaycanda fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin və bayramlarının insanları bir araya gətirən güc rolunu diqqətə çatdırdı. O, dedi ki, bu nümunələr Volqoqradda da müxtəlif icmalar arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verir.

   Kalmık icmasının rəhbəri Genadi Mixayloviç Koşelyov çıxış edərək bildirdi ki, Heydər Əliyevin multikulturalizm modeli onların diasporasında mədəni kimliyin qorunmasına və inkişafına şərait yaradıb. “Bu gün Volqoqradda öz mədəniyyətimizi iftixar hissi ilə təbliğ edə biliriksə, arxamızda Heydər Əliyevin tolerantlıq irsi dayanır,” – deyə Koşelyov əlavə etdi.

  Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Şamama Ağamuradova çıxışında bildirdi ki, Qaradağ Rayon İcra Hakimiyyəti olaraq biz Ümummilli Lider Heydər Əliyevin multikulturalizm siyasətinə daim sadiqik. “Bu gün burada – Volqoqradda müxtəlif etnik icmaların nümayəndələri bir araya gəlir, birliyi və dostluğu qeyd edirlər. Qaradağ rayonunda da biz eyni dəyərləri dəstəkləyir, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin həmrəyliyini gücləndirmək üçün layihələr həyata keçiririk. Heydər Əliyevin “mədəniyyətlərarası körpü” ideyası bizə yol göstərir və inanıram ki, qardaşlıq bağlarımız daha da möhkəmlənəcək,” – deyə o vurğuladı.

   Volqoqrad vilayətinin Milli Siyasət üzrə Məsləhət Şurasının üzvü, Millətlər və Qazaxların İşləri üzrə Komitə yanında İctimai Şura və İctimai Palata üzvü Cəlilov Abdulvahab Məhəmmədnəbi oğlu çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin multikulturalizm strategiyası regionda sabitliyin təminatı, müxtəlif etnik qrupların dialoqu üçün etibarlı zəmin olub. O, bu siyasətin gənc nəslə fərqli mədəniyyətlərə açıq münasibət və anlayış tərbiyə etdiyini xüsusi vurğuladı.

   Əslən Azərbaycanın Balakən rayonundan olan Volqoqrad Dostluq Evinin Gənclər Qanadının rəhbəri Əhmədov Rəcəb Şahmiroviç çıxış edərək vurğuladı ki, gənclər Heydər Əliyevin multikulturalizm ideyalarını yeni nəsillərə çatdırmaqda öncü rol oynayırlar:

   “Biz gənclər Dostluq Evinin qanadı kimi müxtəlif etnik qrupların dostluğunu, həmrəyliyini internet və sosial media vasitəsilə bütün dünyaya daşımalıyıq. Ulu Öndərin “mədəniyyətlərarası körpü” ideyası bizə yalnız mədəni tədbirlərdə deyil, gündəlik həyatda, təhsil və elmi layihələrdə də birləşmək üçün ilham verir. Gəlin bu irsi rəqəmsal dövrdə daha da gücləndirib, dəyərlərimizi bütün gənclərə çatdıraq.”

   Beləliklə, dəyirmi masa iştirakçıları Heydər Əliyevin sülh, tolerantlıq və multikulturalizm prinsiplərinin ötən illər boyunca Azərbaycanda və onun hüdudlarından kənarda necə tətbiq olunduğunu, bu irsin bu gün də necə canlı və aktuаl olduğunu yüksək qiymətləndirdilər.

Keçidlər