Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilmişdir.

20 may 2026 | 12:00

   20.05.2026-cı tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon gənclər və idman sektorunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2026-cı il üçün tədbirlər planının Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularında maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilmişdir.
  Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayon gənclər və idman sektorunun rəisi Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru Polis leytenantı Atabəy Məsimzadə, Qaradağ rayonu, Puta qəsəbəsi, Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbin direktoru Müşviq Məmmədov və məktəbin şagirdləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov açaraq bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin tələbinə əsasən hər bir valideyn uşaqların qayğısına qalmağa və onları tərbiyə etməyə borcludur. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
     Bu gün valideynlərin qarşısında duran əsas vəzifələrdən biri uşaqları zərərli informasiyalardan qorumaqdan ibarətdir. Yəni bugünkü kriminal və neqativ informasiya bolluğunda hər bir valideyn öz övladının altşüuruna hansı informasiyanın ötürüldüyünə diqqət etməlidir.Yayılan zərərli informasiyalar bütün cəmiyyət üzvləri ilə yanaşı, uşaqlara da ciddi zərər vurur. Xüsusən də sosial şəbəkələrdə yayılan zərərli informasiyalar, ilk növbədə, uşaqların altşüurunu zədələyir.
   Daha sonra çıxışçılar uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının, onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək məlumatlardan qorunmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, uşaqların zərərli informasiyadan müdafiəsi yalnız valideyn və müəllim nəzarəti ilə deyil, həm də dövlətin hüquqi mexanizmləri ilə tənzimlənir. Bu baxımdan iştirakçılar “Azərbaycan Respublikasında uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun əhəmiyyətinə toxunaraq bildirdilər ki, bu qanun uşaqların fiziki, əqli və mənəvi inkişafına təhlükə yaradan informasiyaların qarşısının alınması üçün hüquqi çərçivə yaradır. Qanuna əsasən, uşaqlarla bağlı təqdim edilən materiallar onların yaş kateqoriyasına uyğun olmalı və zərərli məzmunlardan qorunma təmin edilməlidir. Çıxışlarda həmçinin sosial şəbəkələrdən şüurlu istifadə mədəniyyətinin formalaşdırılması, media savadlılığının artırılması, onlayn zorakılıq və kibertəhlükələrə qarşı maarifləndirmənin zəruriliyi xüsusi vurğulanıb.

Keçidlər