“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi”
02 oktyabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa formatında görüş keçirildi.
Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbdə təşkil olunan görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən maarifləndirici tədbirlərin davamıdır.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Ruslan İsmayılov, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Mətanət Rəhimova və Günel Əfəndiyeva, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin inspektoru İlyas Vəliyev, məktəbin direktoru Aygün Hüseynova, direktor müavinləri, müəllimləri və psixoloqları iştirak edirdilər.
Görüşdə uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparıldı. Dəyirmi masada mövzunun aktuallığı, bununla bağlı məktəblərdə və xüsusilə ailə zorakılığına məruz qalan, valideynləri tərəfindən təhsildən yayındırılan şagirdlərlə və onların ailələri ilə aparılan işlərdən danışıldı.
Sonra İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələri iştirakçıları Mərkəzin fəaliyyəti, insan alveri qurbanları ilə aparılan işlər barədə məlumatlandırdılar. Mərkəzin əməkdaşları insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunması haqqında məlumat veriblər.
Görüşdə iştirakçıları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.