“Uşaqlara qarşı zorakılığa YOX” adlı tədbir keçirildi
25 may 2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin (Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi) icrası ilə əlaqədar “Uşaqlara qarşı zorakılığa YOX” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Ramil Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, 7 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva, Qaradağ VVAQ şöbəsinin müdiri Nurlana Rəşidova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva və Qaradağ Rayon ümumtəhsil müəssilərində təhsil alan nümunəvi şagirdlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O mövzunun aktuallığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı.
İlk olaraq müvafiq mövzuda videoçarx nümayiş etdirildi. Daha sonra 7 saylı Uşaq Gənclər İnkişaf Mərkəzininin Jurnalistika dərnəyinin üzvü Əli Şahbazov özünün inşa-yazı işini oxudu və oxunan yazı alqışla qarşılandı. Bununla yanaşı 7 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvləri dəyirmi masanın sağ və sol tərəflərində qoyulmuş molbertlər üzərində sözügedən mövzuda rəsm çəkməkdə davam edirdilər.
Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, onların yaranma səbəbləri, sözügedən məsələ ilə bağlı Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sına daxil olan müraciətlər barədə ətraflı məlumat verən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirdi ki, Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlıq hüquqlarının pozulmasıdır. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir
Qaradağ VVAQ şöbəsinin müdiri Nurlana Rəşidova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva zorakılıq haqqında statistik məlumat verərək bu zorakılığın ailələrin dağılması, ailədəki uşaqlarda psixoloji problemlərin yaranması ilə müşayiət olunduğunu, bəzi hallarda isə daha ağır nəticələr verdiyini qeyd etdilər. Mövcud problemlərin aradan qaldırılması üçün ailə-məişət mövzusunda daha çox maarifləndirici tədbirlərin keçirilməsi təklif edildi .
Tədbirin sonunda çəkilən rəsmlərə baxış oldu. Müəlliflər çəkdikləri rəsmlər barədə izahat verdilər.