Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq nikahları və onların fəsadları”

25 may 2023 | 16:56

   25 may 2023-cü il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsi, Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.1-ci bəndinin (Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi) icrası ilə əlaqədar erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olması, psixologiyasına mənfi təsir göstərməsi, Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratması mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Polis Mayoru Ramil Hacıyev, Əli Əmirov adına Mədəniyyət Sarayının bədii rəhbəri Təhminə İbadova, Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbin şagirdləri iştirak edirdi.

   Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov mövzunun aktuallığı barədə ətraflı məlumat verərək qeyd etdi ki, erkən nikahlar məişət zorakılığından tutmuş, ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Qızlar erkən nikaha fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır.

   Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov bildirdi ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

   Qaradağ RPİ-in Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi Polis Mayoru Ramil Hacıyev bildirdi ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: “Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb”. Erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib. 18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. 

   Əli Əmirov adına Mədəniyyət Sarayının bədii rəhbəri Təhminə İbadova şagirdlərə asudə vaxtlarının səmərəli keçirmələri üçün Əli Əmirov adına Mədəniyyət Sarayında uşaqlar üçün təşkil olunmuş dərnəklərdən bəhs etdi. O, bildirdi ki, çalışdığı müəssisədə  keçirilən təlimlərin və dərslərin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə milli mədəniyyətimizin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir. 

 Tədbirin sonunda mövzu ilə bağlı suallara ətraflı cavablar verildi.

Keçidlər