Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

10 may 2024 | 14:29

   10 may 2024-cü il tarixində Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr olunmuş dəyirmi masa keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Səbinə Xasayeva, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, icra aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

    Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başladı. Film yekunlaşdıqdan sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bildirdi ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Sovetlər dövründə bütün sahələrdə ən qabaqcıl respublika oldu. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn dahi şəxsiyyət qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoydu, qlobal layihələrin əsasını yaratdı. Həmin əsaslar üzərində cənab Prezidentimiz İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna qoyaraq bölgədə və dünyada ən nüfuzlu ölkə halına gətirdi. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi.

   Daha sonra çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev öz çıxışlarında Ulu Öndərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafına verdiyi töhvələrdən geniş söhbət açdılar.

   Daha sonra Qaradağ RİH-nin şöbə müdiri, məşhur 91-lərdən Munis Bayramov çıxış edərək, Ulu Öndərin milli-mənəvi irsimizə göstərdiyi diqqət və qayğıdan danışdı, onun yaradıcı insanlara – şairlərə, yazıçılara, rəssamlara, heykəltaraşlara və digər sənət adamlarına səmimi münasibətini, tarixi kökümüzə həssaslıqla yanaşdığını qeyd etdi. Eyni zamanda Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında müstəsna xidmətlərindən danışdı. Yekunda layiqli varis, Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ənənələrinə sadiq qaldığını və ata vəsiyyətini yerinə yetirərək Vətən Müharibəsində Zəfərə imza atdığını geniş şərh etdi.

   Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov tədbiri yekunlaşdıraraq qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünya azərbaycanlılarının lideri səviyyəsinə qaldırmışdır.

Keçidlər