Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü və Azərbaycan Rus İcmasının yaranmasının 30-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib

18 may 2023 | 16:28

2023-cü il mayın 18-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü və Azərbaycan Rus İcmasının yaranmasının 30-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Rus İcması sədrinin  birinci müavini Boris Petroviç Voronin, Rus icması Qaradağ rayon təşkilatının sədri Nataliya Paramonova və rayon ərazisində yaşayan icma üzvləri iştirak ediblər.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Rus İcmasının üzvlərini salamlayıb və icmanın yaranmasının 30 illiyi münasibətilə onları təbrik edib. O, icma üzvləri tərəfindən belə bir tədbirin təşkilindən məmnun olduğunu bildirib. YAP rayon təşkilatının sədri xüsusi qeyd edib ki, Ümummilli lider həm də azərbaycançılıq ideologiyasına layiqli töfhələr verib və bu ideologiyanı müasir dövrün tələbləri səviyyəsinə qaldıraraq əbədiyaşar edib. Bu ideologiya Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların bərabər birgəyaşayışını nəzərdə tutur. Təqdirəlayiq haldır ki, həmin ideologiya bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ulu öndər Heydər Əliyevin müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin qurulması istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, məhz bu dostluq münasibləri qədim əlaqələrə malik olan Azərbaycan və rus xalqları arasında əməkdaşlığın yeni mərhələsinin formalaşmasının möhkəm təməlinə çevrilib. Azərbaycanda Rus İcmasının formalaşması ideyasının müəllifi və həmin təşkilat yarandıqdan sonra onun ən böyük himəyadarı da Ümumilli lider Heydər Əliyev olub. Bu əməkdaşlıq əlaqələrinin inkişafı nəticəsində Qaradağ rayonu da Rusiyanın Volqoqrad vilayəti ilə qardaşlaşaraq sıx əməkdaşlıq edir.

İcra başçısının müavini vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük diqqəti və himayəsi sayəsində Azərbaycan-Rusiya münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir.

Azərbaycan Rus İcması sədrinin birinci müavini Boris Voronin Ulu öndər Heydər Əliyevlə bağlı həm keçmiş Sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə xatirələrini danışıb. O bildirib ki, həmin görüşlər zamanı Heydər Əliyev böyük bir respublikanın rəhəbəri olmasına baxmayaraq, sadə insanlara göstərdiyi böyük diqqət və qayğı ilə, təvazökarlığı və səmimi münasibətilə ətrafdakıları heyran qoyurdu. B.Voronin əminliklə vurğulayıb ki, xüsusən 1993-1994-cü illərdə Azərbaycanın qarşılaşdığı problemləri, işğalı və vətəndaş qarşıdurmasını yalnız Heydər Əliyev kimi böyük siyasət dühası aradan qaldıra bilərdi. Heydər Əliyev malik olduğu yüksək iradə, dövlətçilik məharəti və beynəlxalq nüfuzu sayəsində Azərbaycanı və burada yaşayan digər xalqların nümayəndələrini həmin ağır günlərdən xilas etdi. İcma sədrinin birinci müavini vurğulayıb ki, Heydər Əliyev bu xilaskarlıq missiyası ilə Azərbaycanın rus icmasının qəlbində daim yaşayacaqdır.

Tədbirdə digər çıxış edən Rus icması Qaradağ rayon təşkilatının sədri Nataliya Paramonova  xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və Azərbaycan xalqının dahi oğlunun yubileyi hazırda həm ölkəmizdə, həm də xarici dövlətlərdə geniş şəkildə qeyd edilir. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur. O vurğulayıb ki, Azərbaycanda Heydər Əliyevin tərəfindən əsası qoyulan və inkişaf etdirilən çoxmillətçilik, multikulturalizm və tolerantlıq ölkəmizin ən böyük uğurlarından biridir. Azərbaycandan fərqli olaraq Ermənistanın nümayiş etdirildiyi millətçilik yalnız iki ölkə üçün deyil, eyni zamanda Qafqazın digər xalqlarına da ciddi problemlər yaşadır.

Digər  icma üzvləri Qalina Qəniyeva, Oksana Jabina və Qalina Demidova və başqaları Ulu öndər Heydər Əliyevin bütün Azərbaycan xalqı, o cümlədən burada yaşayan digər xalqların nümayəndələri qarşısında əvəzedilməz xidmətlərindən danışıblar. Onlar bildiriblər ki, Heydər Əliyev nəhəng fəaliyyəti və dövlətçilik qabiliyyəti ilə yalnız Azərbaycan xalqının deyil, eyni zamanda keçmiş Sovet İttifaqı ərazisində yaşamış bütün xalqların qəlbində özünə yer tutub. Azərbaycan xalqının bu dahi oğlu özünün fenomenal yaddaşı, yüksək dövlətçilik və idarəetmə bacarığı, peşəkar təşkilatçılıq qabiliyyəti ilə bu xalqların yaddaşında əbədi yaşayacaqdır.

Çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycanda yaşayan rus icmasının üzvləri bu ölkəni özlərinin doğma Vətəni hesab edirlər və onun çiçəklənməsi və inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.

Tədbir iştirakçıları Azərbaycan Rus İcmasının Qaradağ rayon təşkilatının ilk rəhbəri Eduard Qorşeninin fəaliyyətini də xatırlayıblar.

Sonra Qafar Əliyev müəllifi olduğu “Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu” kitabını Azərbaycan Rus İcması sədrinin birinci müavininə hədiyyə olaraq təqdim edib.

Tədbirdə Azərbaycan Rus İcmasının bir qrup üzvü Rus İcması icmanın fəaliyyətində fəal iştirakına görə Fəxri Diplomla təltif edilib.

Tədbir iştirakçıları sonda Ulu öndərin büstü qarşısında xatirə fotosu çəkdiriblər.

Keçidlər