Tütün Sizin sağlamlığınıza mənfi təsir edir.
28 dekabr 2022 | 14:09
Qeyri-infeksion xəstəliklər xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk amilləri nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti illərdə azalması gözlənildiyi halda, QİX-dən ölənlərin sayının 2030-cu ilədək artması proqnozlaşdırılır. Hesablamalara görə ürəyin işemik xəstəliyinin və beyin-damar xəstəliklərinin 80%-nə tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk amilləri səbəb olur. Qeyd edilən risk amilləri dörd əsas metabolik və ya fizioloji dəyişikliyə gətirib çıxarır: yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya (qanda şəkərin artması) və hiperlipidemiya (qanda piylərin artması). Artıq çəki və piylənmə də öz növbəsində qan təzyiqi, qanda xolesterol və triqliserid səviyyələrinə mənfi metabolik təsir göstərə bilər.
Dünyada hər il təxminən 6 milyon, o cümlədən tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikincili məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Spirtli içkilərdən sui-istifadə nəticəsində il ərzində baş verən 3,3 milyon ölüm hadisəsinin yarısı məhz QİX ilə bağlıdır. Bununla yanaşı, dünyada hər il 3,2 milyon insan fiziki passivlik, o cümlədən təqribən 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən ölür.
Problemin həlli məqsədi ilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq bir neçə mühüm sənəd, o cümlədən QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-nin Avropa üzrə Regional Komitəsinin 2011-ci il sentyabrın 12-15-də Bakıda keçirilən 61-ci sessiyasında 2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına dair Fəaliyyət Planı qəbul olunmuşdur.
2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksəksəviyyəli görüşdə qəbul edilmiş siyasi bəyannamədə bu təşkilatın üzvü olan ölkələrin üzərinə QİX-in qarşısının alınması və müalicəsi üçün milli çoxsahəli planların gücləndirilməsi məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirmək öhdəliyi qoyulmuşdur. Həmin siyasi bəyannaməni nəzərə alaraq, 2013-2020-ci illər üçün QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-nin Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.
2013-cü ilin dekabr ayında ÜST-nin Aşqabad şəhərində keçirilən və Avropa regionunda QİX-in qarşısının alınması və onlarla mübarizəyə həsr olunan konfransında “Sağlamlıq-2020 siyasəti kontekstində qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlarla mübarizə üzrə Aşqabad bəyannaməsi” qəbul olunmuş və ölkədə bu istiqamətdə milli səviyyəli strategiyaların və tədbirlər planlarının hazırlanması və tətbiqi zərurəti bir daha vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya hazırlanmışdır.
Hörmətli Sakinlər!
Tütündən istifadə edənlər və tüstüsünü udanlar sağlamlığına zərər vurur.
Özünüzü və ətrafdakıları qoruyun!