“Təbiət bizim sağlamlığımızı qoruyur, biz də təbiəti qoruyaq” adlı ağacəkmə aksiyası keçirildi
18 iyul 2025-ci il tarixində Ə.Əmirov adına Mədəniyyət Sarayının ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Qaradağ rayon gənclər və idman sektorunun, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin, Ə.Əmirov adına Mədəniyyət Sarayının, Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları ilə birgə rayon gəncləri də iştirak etdi.
Aksiyada 18 ədəd gül kolu əkildi, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldıldı, yaşıllıqlara aqrotexniki qulluq göstərildi. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyi insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırılır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Konstitusiyamızın 39-cu maddəsində də qeyd olunduğu kimi ”Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.” Sağlam mühitin qorunması üçün görülən tədbirlərdən biri yaşıllaşdırma işlərinin aparmasıdır. Kütləvi ağac əkilir və əkilən ağacların, güllərin mütəmadi suvarılması, onların qorunmasına, qoparılmamasına nəzarət hər bir vətəndaşın həm də insanlıq və mənəvi borcudur.






