“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı tədbir keçirilmişdir.
12 may 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzin rəis müavini və əməkdaşlarının, rayonun idarə, təşkilat və müəssisə nümayəndələrinin iştirakı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini E.Abbasov müşavirə iştirakçılarını salamlayaraq, giriş sözündə sözügedən mövzunun prioritet məsələ olduğunu, vətəndaşların su hövzələrində təhlükəsizliyə riayət etməmələri səbəbindən hər il ölüm hadisələrinin baş verdiyi barədə məlumat verərək, çıxış üçün sözü müşavirə iştirakçılarına verdi.
Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Əlibala Əlizadə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda çıxış edərək, çimərlik sahələrində monitorinqlərin aparılması barədə məlumat verdi və orada müvafiq lövhələrin, işarələrin qoyulmasının zəruriliyini, qadağan olunmuş sahələrdə çimməyin təhlükəli olması barədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirdi. Bu istiqamətdə əsas işlərin bələdiyyələr, polis sahə müvəkkilləri və digər məsul vəzifəli şəxslər tərəfindən aparılmalı olduğunu vurğuladı. Rayon sakinləri üçün əsasən Qobustan, Sahil və Lökbatan qəsəbələrində çimərlik yerlərinin olduğunu və həmin yerlərin FHN-nin əməkdaşlarının nəzarəti altında olduğunu bildirdi.
Eyni zamanda vətəndaşların standarta uyğun olmayan və bir çox hallarda içkili vəziyyətdə kiçik həcmli gəmilər, hidrosikllərlə dənizə çıxması və bunun isə dənizdə batma, boğulma təhlükəsi yaratdığını bildirdi. Çimərlik sahələrində skuter və hidrosiklləri idarə edənlərin ətrafdakı insanlar üçün təhlükə yaratdığını bildirərək bununla bağlı mübarizə aparılmasını vurğuladı.
Daha sonra Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Kamal Mirzəyev “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” mövzusunda çıxış edərək, çimərliklərdə təmizlik işlərinin aparıldığını bildirdi və müvafiq işarələrin, lövhələrin qoyulduğu barədə məlumat verdi.
Təcili Tibbi Yardım Stansiyasının 20 saylı bölməsinin böyük həkimi Soltan Səmədov “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində planlaşdırılan tədbirlər” mövzusunda çıxış edərək, xüsusi xəstəlikləri olan insanların çimərliklərə getmələrinin təhlükəli olması barədə məlumat verdi. Daha sonra suda boğulmalar, gün vurmalar zamanı ilkin tibbi yardım göstərilməsi barədə tövsiyələr verərək təcili-tibbi yardım maşınlarının komplektləşdirilməsinin vəziyyəti, ilan və əqrəb sanması əleyhinə zərdabların olmasını qeyd edərək həkimlərin hər bir vəziyyətə hazır olduqlarını bildirdi.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Mürvət Abduləzizov “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzusunda çıxış edərək, dəniz suyundan götürülən nümunələrə əsasən toksikoloji, radioloji və digər analizlərin vəziyyəti barədə geniş məlumat verdi.
Sonda Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzin rəis müavini Kamil Bağırov çıxış edərək bu formatda keçirilən müşavirələrin vacib olduğunu və gələcəkdə yaxşı nəticələr verəcəyini bildirdi.