Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid, qazi ailələri, fiziki qüsurlu uşaqlar və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunmuşdur

28 dekabr 2023 | 15:21

   28 dekabr Qaradağ şadlıq sarayında şəhid, qazi ailələri, fiziki qüsurlu uşaqlar və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunmuşdur.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri iştirak edirdi.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2024-cü il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açdı. 2023-cü ilin yaddaşımızda ən uğurlu il olduğunu, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam təmin olunduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 15 oktyabr tarixində Xankəndində və ətraf ərazilərdə Azərbaycan Dövlət Bayrağını yüksəltdiyini qeyd etdi. 2024-cü ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söylədi.
   Tədbirdə çıxış edən millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ənənə halını almış, bayramdan öncə şəhid və qazi ailələri ilə görüşlərin müsbət hal olduğunu vurğulayaraq, onların sosial məsələlərinin daim ölkə rəhbərinin nəzarətində olduğundan danışdılar. Tədbir yeni il şənliyi ilə davam etdi.
   Tədbirdə iştirak edən Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb oldular. Şənlik mahnı və rəqslərlə davam etdirildi. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olundu. Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər