Şəhid mayor Kərimov Tofiq Dadaş oğlunun doğum günündə məzarı ziyarət edilmişdir
Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid mayor Kərimov Tofiq Dadaş oğludur.
Şəhid mayor Kərimov Tofiq Dadaş 07.07.1973-cü il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində dünyaya gəlmişdir. Birinci Qarabağ müharibəsindədə iştirak etmiş və vətənimizin müdafiəsində xüsusi xidmətlər göstərmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan haqlı mübarizəmizdə vətənimizin müdafiəsinə təkrar qoşulmuş və Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı 09.11.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Döyüşlərdə götərdiyi igidliyə və şücaətə görə şəhidimiz, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə”, ”İgidliyə görə” medalları ilə və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbərliyi şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.
Qaradağ rayon icra hakmiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyətinin məsul vəzifəli şəxsləri şəhid Kərimov Tofiq Dadaş oğlunun doğum günündə onun məzarını ziyarət etmişdir və məzarı üzərinə əklil qoyulmuşdur. Ruhuna dua oxunduqdan sonra şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra şəhidin Ailəsi və övladları Ümid qəsəbəsində yaşadıqları mənzillərində ziyarət olunub. Onlara dərin hüzünlə baş sağlığı verilib. Ailənin mövcud bütün məsələləri araşdırılıb və yerində köməklik göstərilib. Görüşdə bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar