Şəhadətin əbədi qüruru: şəhid mayor Tofiq Kərimovun xatirəsi anıldı
Bu gün, 09 noyabr 2024-cü il tarixində, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhadət zirvəsinə ucalmış igidlərimizdən biri olan mayor Kərimov Tofiq Dadaş oğlunun şəhidlikdən keçən dörd ili tamam oldu. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən mayor Tofiq Kərimovun il mərasimi böyük ehtiramla qeyd olundu.
Mərasimə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdirləri və ictimaiyyət nümayəndələri qatıldılar. Tədbir şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başladı, sonra isə şəhidin məzarı ziyarət edilərək üzərinə tər güllər düzüldü.
İcra Hakimiyyətinin başçısı şəhid ailəsi ilə görüşərək, onların qəlbində yaşayan qürur və kədəri bölüşdü. O, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu, onların qəhrəmanlıqlarının xalqımızın yaddaşında daim yaşayacağını vurğuladı. Həmçinin, dövlətimizin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğının önəmi qeyd edildi. Şəhid ailəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edərək, göstərilən diqqətin onlara mənəvi dəstək olduğunu bildirdi.
Bu anım tədbiri, bir daha, şəhid mayor Tofiq Kərimovun xalqımızın qəlbində daim yaşayacağını və onun qəhrəmanlığının heç vaxt unudulmayacağını sübut etdi.