Sanqaçal-Çeyildağ qəsəbələrini birləşdirən alternativ yolun çəkilməsi işləri aparılır
Aprelin 15–də yağan güclü leysan yağışları və əsən güclü külək ölkənin kommunal təsərrüfatında və yol infrastrukturunda müxtəlif problemlərin yaranması ilə nəticələnmişdir. Sel suları kanalizasiya xətlərində qəzalı vəziyyət yaratmışdır.
Ölkənin bütün yerlərində olduğu kimi, Qaradağ rayonunda da böyük gölməçələr yaranmışdır. Bu isə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün ciddi əngəllər törətmişdir. Vəziyyəti nəzərə alaraq Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyatı qurumların bütün zəruri texnikası və işçi qüvvəsi dərhal hadisə yerlərinə göndərilmişdir.
Leysan başlanandan etibarən Qaradağ rayon İcra hakimiyyətinin “qaynar xətt” xidmətlərinə daxil olan zənglər əsasında texnika müvafiq yerlərə göndərilmişdir. Ümid, Lökbatan, Sanqaçal, Sahil və Çeyildağ qəsəbələrində əmələ gələn gölməçələri təmizləmək üçün texnika və bir neçə nasos qurğusu hadisə yerlərinə gətirilmişdir. Qəsəbələrdə yaranan gölməçələr sel sularından tamamilə təmizlənmiş, əlavə texnikalar cəlb olunmuşdur.
Sel nəticəsində Sanqaçal-Çeyildağ qəsəbələrini birləşdirən, Abşeron rayonunun ərazisində olan körpünün uçması nəticəsində bu qəsəbələr arasında əlaqə kəsilmiş, Çeyıldağ qəsəbəsinin şəhərə çıxışı bağlanmışdır.
Hal-hazırda alternativ yolun çəkilməsi işləri aparılır, yaxın saatlarda əlaqə bərpa olunacaqdır.