Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində Məhərrəm Seyidovun anadan olmasının 57-ci, şəhadətə yüksəlməsinin 29-cu ili münasibətilə adını daşıyan parkda büstü önündə anım tədbiri keçirildi

01 may 2023 | 17:51

01.05.2023-cü il tarixində Sahil qəsəbəsində Məhərrəm Seyidovun anadan olmasının 57-ci, şəhadətə yüksəlməsinin 29-cu ili münasibətilə adını daşıyan parkda büstü önündə anım tədbiri keçirildi.

Tədbir Qaradağ Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və "Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə şəhidin övladı, yaxın qohumları, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Sahil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev, Qərbi Azərbaycan İcmasının məsul işçisi Əbdüləli Həsənov, "Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov, qazilər, sakinlər, gənclər və məktəblilər iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının məsul işçisi Əbdüləli Həsənov şəhidin qəhrəmanlıqla dolu həyatı barədə məlumat verdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxışında şəhid Məhərrəm Seyidovun qədim Azərbaycan torpağı olan Amasiyada dünyaya göz açdığını, orada böyüyüb boya-başa çatdıqdan sonra SSRİ-nin ali hərbi məktəblərindən birində təhsil alaraq zabit kimi formalaşdığını söylədi. Vətənin dar günündə, torpaqlarımız ermənilər tərəfindən işğal olunduğu zaman Rusiyada vəzifədən azad olunaraq Azərbaycana gəldiyini və Azərbaycanda ən ağır, ən çətin bölgə olan Tərtər rayonunda xidmət etdiyini bildirdi. Tərtər istiqamətində 1 may 1994-cü ildə əsl cəngavərlik nümayış etdirdiyini, 30 döyüş texnikası olan düşmənə qarşı qeyri-bərabər döyüşə atıldığını qeyd etdi. “Biz gələcəyin qəhrəmanını, Beyləqan-Cəbrayıl döyüşlərində düşmənin burnunu əzən cəsarətli sərkərdəni itirdik.”

 Məhərrəm Seyidov mayın 1-də doğulub, mayın 1-də də şəhid olmuşdur.

Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik, şücaətlərinə görə ölümündən sonra “Azərbaycan bayrağı Ordeni” ilə təltif edilmişdir.

1999-cu il mayın 5-də Qaradağ rayonu Sahil qəsəbəsinin ən böyük küçəsinə və parka Məhərrəm Seyidovun adı verilərək büstü qoyulub və hər il də xatirəsi böyük ehtiramla yad edilir.    

  Ailə üzvlərindən şəhidin qardaşı Etibar Seyidov və silahdaşları qəhrəmanın döyüş yolundan danışdılar.

Sonda məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş qəhrəmanlıq mövzusunda şerlər səslədildi.

Keçidlər