“Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirildi
06 dekabr 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anım günü ilə əlaqədar “Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirildi.
Tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Millət vəkilləri Siyavuş Novruzov, Anar İsgəndərov, Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyəti iştirak edirdi.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümumilli Liderin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrlərini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı. 2020-ci ildə ata vəsiyyətini həyata keçirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 gündə Qarabağı düşmən tapdağından azad etməsinin ulu öndərin təməlini qoyduğu strategiyanın təntənəsi adlandırdı.
Millət vəkili Siyavuş Novruzov çıxışında Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın isə rifahının artmasına xidmət edən tarixi işlər gördüyünü, mühüm nailiyyətlərə imza atdığını bildirdi. Azərbaycanın xilası və dirçəlişi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir. S.Novruzov əlavə edir ki, Heydər Əliyev Azərbaycan adlı məmləkətin tarixin mürəkkəb sınaqlarından müvəffəqiyyətlə keçərək intibah və tərəqqi yoluna çıxmasını təmin etmiş əbədiyaşar liderdir. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, - deyən Ulu öndər xalqına və dövlətinə dərindən bağlı idi, vətəninə böyük məhəbbət bəsləyirdi. Siyavuş Novruzovun fikrincə, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi hər zaman xüsusi diqqət mərkəzindədir, öyrənilir - tədqiq olunur. “Əminliklə söyləmək olar ki, bu, gələcəkdə də belə olacaq, əbədiyaşar şəxsiyyətin irsi daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcək. Onun ideyaları və zəngin siyasi irsi dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salacaq, Azərbaycanın inkişafına, firavan gələcəyinə xidmət edəcək”, - deyən S.Novruzov əlavə edir ki, Ümummilli lider Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü yaşadığı illərlə ölçülmür. Əbədiyaşar şəxsiyyət, Ümummilli lider qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
Millət vəkili Anar İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan parlamentinin təsisi, dahi rəhbər Heydər Əliyevin siyasi fəaliyyəti, 44 gün davam edən Vətən müharibəsi və şanlı qələbəmiz haqqında ətraflı danışdı. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu bildirdi. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik siyasəti Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Zəfər müharibəsi nəticəsində qəhrəman Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı 30 ilə yaxın düşmən işğalı altında torpaqlarımızı azad etdi, şəhidlərimizin intiqamını aldı. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır.
Millət vəkili Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Heydər Əliyevin ən böyük xidmətlərindən birini YAP-ın yaradılması olduğunu da geniş şərh etdi. Natiq sonra qeyd etdi ki, bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir.
Sonda rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirərək, yığıncağı yekunlaşdırdı.