Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlara Sonsuz Ehtiram: Qaradağda 8 Noyabr Zəfər Günü

08 noyabr 2024 | 10:14

   08 noyabr 2024-cü il tarixində “8 Noyabr Zəfər Günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə genişmiqyaslı anım tədbiri keçirildi. Tədbirdə Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak etdilər.

   Tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər. İlk olaraq, Şəhidlər xiyabanına əklil qoyuldu və şəhidlərin ruhlarına dualar oxundu. Daha sonra, şəhidlərin məzarları bir-bir ziyarət edildi və onların üzərinə tər gül dəstələri düzüldü, əziz xatirələri dərin ehtiramla yad olundu.

   Eyni zamanda, Qaradağ rayonu ərazisində dəfn olunmuş digər şəhidlərin qəbirləri də ziyarət olundu. Şəhidlərin fədakarlıqları və onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq bir daha vurğulandı, onların xatirəsinin hər zaman uca tutulacağı bildirildi.

   Bu gün keçirilən tədbir, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid şəhidlərimizin qəhrəmanlıq salnaməsinin bir daha xatırlanması və Qarabağın azad olunmasının tarixi gününün qürurla qeyd olunması baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Keçidlər