Qaradağda turizm və təbiətin mühafizəsi sahəsində yeni təşəbbüslər müzakirə olunub
17 yanvar 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin rəhbərliyi, Şura üzvləri, şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
İclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 3.2 bəndinin icrası çərçivəsində — “Xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruqlar, parklar) sayının artırılması məqsədilə əlavə ərazilərin müəyyən edilməsi” mövzusunda müzakirələr aparılıb.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov rayon ərazisində turizm potensialı olan sahələrdə dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılmasına dair təkliflərlə çıxış edib.
Daha sonra şöbənin müdir müavini Firidun Hüseynov sözügedən istiqamətdə hazırlanmış müvafiq tədbirlər planı və təklifləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında Qaradağ rayonunun təbii və turizm potensialının qiymətləndirilməsi məqsədilə yaradılmış monitorinq qrupunun fəaliyyəti barədə məlumat verilib və görülmüş işlər geniş şəkildə müzakirə olunub.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, Şura iştirakçıları tərəfindən əlavə təklif və rəylər səsləndirilib. Sonda gündəlikdəki məsələyə dair qərar layihəsi oxunaraq qəbul olunub.
Bu təşəbbüslər Qaradağ rayonunda ekoloji tarazlığın qorunması və dayanıqlı turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.






