Qaradağda şəhidin adını daşıyan küçə abadlaşdırıldı
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində daha bir önəmli layihə həyata keçirilib. Qızıldaş qəsəbəsində yerləşən və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elşən Alxasovun adını daşıyan küçəyə yeni asfalt örtüyü salınıb.
Layihənin əsas məqsədi həm şəhidimizin əziz xatirəsini daim yaşatmaq, həm də yerli sakinlərin rahatlığını təmin etmək olmuşdur. Uzun müddət bərbad vəziyyətdə olan yolun yenidən qurulması nəticəsində əhali üçün nəqliyyatın hərəkəti asanlaşıb, təhlükəsizlik səviyyəsi yüksəlib.
Qeyd edək ki, Elşən Alxasov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş igidlərimizdən biridir. Onun adı bu gün doğulub boya-başa çatdığı Qızıldaş qəsəbəsində böyük ehtiramla anılır.
Küçənin asfaltlanması ilə yanaşı, ərazidə ümumi təmizlik və abadlıq işləri də görülüb, ətraf mühitin estetik görünüşü yaxşılaşdırılıb.
Qaradağ Rayon İcra Hakimiyyəti gələcəkdə də şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bu kimi layihələri davam etdirəcəyini bildirir. Rayon rəhbərliyi şəhid ailələrinin və qazilərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdə qərarlıdır.