Qaradağda "Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə" həsr olunmuş tədbir keçirilib
05 iyun 2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.12-ci bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi) icrası ilə əlaqədar "Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə" həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası "Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə" Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Eiçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Ramil Hacıyev, Ahəng psixologiya, reabilitasiya, inkişaf mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Səhiyyə Nazirliyinin yanında Elmi-tədqiqat Mamalıq və ginekologiya İnstitutun hüquqşünası, vəkillər kollegiyasının üzvü Aysel Süleymanova və Qaradağ Rayon ümumtəhsil müəssilərində təhsil alan nümunəvi şagirdlər iştirak edirdi.
İlk öncə mövzu ilə bağlı videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva açdı. O mövzunun aktuallığını qeyd edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın və bu proqrama əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı.
Azərbaycan Respublikası "Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə" Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev bildirdi ki, Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu baxımdan dünya dövlətlərinin əksəriyyətinin gündəliyində duran əsas məsələlərdən biri narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir.
Ölkəmiz də bu istiqamətdə gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində müvafiq təşkilati-hüquqi, institusional və zəruri əməli praktiki tədbirlər həyata keçirmişdir.
R.Allahverdiyev qeyd etdi ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsini təmin edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində müsbət nəticələr əldə edilmişdir.
Çıxışçılar qeyd etdilər ki, Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı hazırlanmış broşürlər paylanıldı.