Qaradağda “Konstitusiya və Suverenlik ili” çərçivəsində uşaqların peyvəndlənməsi gücləndirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi çərçivəsində ölkənin müxtəlif bölgələrində sağlamlıq sahəsində də ardıcıl tədbirlər görülməkdədir. Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi bu istiqamətdə fəaliyyətini daha da gücləndirərək uşaqların immunlaşdırılmasına xüsusi diqqət ayırıb.
Belə ki, 27 aprel – 3 may tarixlərini əhatə edən “İmmunlaşdırma həftəsi” çərçivəsində rayonda peyvəndləmə tədbirləri uğurla həyata keçirilib. 22 may 2025-ci il tarixində Qaradağ rayonunun Ceyildağ qəsəbəsində yerləşən təcili yardım məntəqəsində profilaktik peyvənd təqviminə uyğun olaraq uşaqların vaksinasiyası aparılıb.
Tədbirdə 32 saylı şəhər poliklinikasının nəzdində fəaliyyət göstərən Qobustan Həkim Məntəqəsinin sahə həkim-pediatrı Əzim İsgəndərov, baş tibb bacısı İranə Əhmədova, sahə tibb bacısı Elmira Heydərova, vaksinator Sevinc İmanova və 32 saylı poliklinikanın pediatriya şöbəsinin müdiri Səadət Qasımova iştirak ediblər. İmmunlaşdırma aksiyası zamanı ibtidai sinif şagirdləri müayinə olunaraq 14 nəfər uşaq yerində peyvənd olunub. Digər uşaqlar isə həkim nəzarətində saxlanılır və peyvəndlər müvafiq vaxtlarda tətbiq ediləcəkdir.
Qaradağ rayonunda aparılan bu tədbirlər “Konstitusiya və Suverenlik ili”nin mahiyyətinə uyğun olaraq vətəndaşların sağlamlığının qorunması və gələcək nəsillərin sağlam böyüməsinə xidmət edir.