Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda ixrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı komissiya iclası keçirilib

19 iyun 2025 | 16:30

   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinin təmin edilməsi üzrə” daimi komissiyanın növbəti iclası keçirilib.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və bir sıra strateji obyektlərin məsul şəxsləri iştirak etmişlər.

    İclasa Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sədrlik edib.

   İclas iştirakçıları əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

  Gündəliyin birinci məsələsi üzrə çıxış edən icra başçısının müavini Nadir Muradov ixrac boru kəmərlərinin təhlükəsizliyinin təminatında ictimaiyyətin, xüsusilə məktəblilərin və gənclərin fəal iştirakı üçün təbliğat-təşviqat işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, kəmərlərin ölkə iqtisadiyyatındakı rolunu qeyd edərək, bu məsələyə vətəndaş məsuliyyəti ilə yanaşılmasının vacibliyini bildirib.

   İkinci və üçüncü məsələlər üzrə çıxış edən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ Regional İdarəsinin rəisi, polkovnik-leytenant Vasif Əsgərov kəmərlərin mühafizəsi ilə bağlı yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirilməsinin, yay aylarında isə quru otların yandırılması hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.

   Dördüncü məsələ üzrə də çıxış edən V.Əsgərov 2025-ci ilin birinci yarımilində Sanqaçal və Ümid qəsəbələrində əhali ilə keçirilmiş görüşlərin nəticələrini təqdim edərək, mütəmadi şəkildə məlumatlandırma işlərinin davam etdirilməsinin və neqativ hallara operativ reaksiya verilməsinin zəruriliyini vurğulayıb.

   Sonda qarşıya qoyulan məsələlərlə bağlı təkliflər səsləndirilib və müvafiq qərarlar qəbul edilib.

Keçidlər