Qaradağda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun Puta qəsəbəsində yerləşən 184 nömrəli tam orta məktəbdə olub, təhsil ocağının kollektivi ilə görüşüb.
Natiq Əliyev məktəbin kollektivini peşə bayramı münasibətilə təbrik edərək müəllimlərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Rayonun ilk məktəbi olan bu təhsil ocağının zəngin pedaqoji ənənələrini qeyd edib, müəllimlərin gənc nəslin savadlı və vətənpərvər yetişməsində mühüm rolunu vurğulayıb.
Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilin inkişafına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə və müəllim əməyinə göstərilən diqqət və qayğının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə məktəbin direktoru çıxış edərək kollektiv adından təbrik və diqqətə görə təşəkkürünü bildirib. Məktəbin kollektivinə bayram münasibətilə xatirə plaketi təqdim olunub.
Daha sonra Natiq Əliyev məktəbin sinif otaqlarına və digər sahələrinə baxış keçirib, tədris şəraiti ilə tanış olub. Müəllimlərlə səmimi söhbət zamanı onların fikirlərini və təkliflərini dinləyib, gündəlik fəaliyyətləri və qayğıları ilə maraqlanıb.






