Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində 21 fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi

22 fevral 2024 | 11:04

21 fevral 2024-cü il tarixində Lökbatandakı Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş birgə tədbir keçirildi. Tədbirdə Qaradağ rayon məktəbliləri arasında “Breyn-rinq” intellektual oyunu təçkil olundu.

Tədbiri giriş sözü ilə Qaradağ rayonu üzrə  gənclər və idman sektorunun müdiri Elçin Abbasov açdı. O, Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlər və bu tədbirlərdə rayon gənclərinin fəal iştirakından danışdı.

Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Munis Bayramov qeyd etdi ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Dilini itirən xalq məhvə məhkumdur.

İcra Hakimiyyətinin təmsilçisi vurğuladı ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir və günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. O da qeyd olundu ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam edildiyini söyləyən  Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva  Dövlət başçısı İlham Əliyevin doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşdığını qeyd etdi. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutduğu da diqqətə çatdırıldı.

Münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Suallara verilən cavabların ümumi yekun nəticəsinə əsasən qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırıldılar.

 

 

 

Keçidlər