Qaradağ rayonunda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
06 noyabr 2026-cı il tarixində Lökbatan qəsəbəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Ə.Əmirov adına Neft Qaz çıxarma İdarəsinin rəisi Rauf Alməmmədov, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilmiş, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Tədbirdə qeyd olunmuşdur ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, milli birliyinin və dövlətimizin qüdrətinin təcəssümüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Ağacəkmə aksiyası Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği ilə yanaşı, şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, təbiətin qorunması və gələcək nəsillərə daha sağlam ətraf mühitin ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.






