Qaradağ rayonunda yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” tədbiri
27 May 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” tədbiri təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi Mərkəzin fəaliyyət istiqamətləri, tədris və təlim imkanları, eləcə də tələbələrin qazandığı praktik bacarıqlar barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda gənclər arasında peşə təhsilinə marağın artırılmasına töhfə verməkdir.
Tədbirdə Qaradağ rayonu ərasisində fəaliyyət göstərən 15 ümumtəhsil müəssisəsindən yeddi yüz (700) nəfərdən çox şagird və müəllim heyəti, rayon rəsmiləri, işəgötürən müəssisələrin rəhbərləri və rəsmi nümayəndələri, həmçinin rayon sakinləri iştirak etmişdir.
Rəsmi hissədə qonaqları salamlayan Mərkəz direktoru Elgün Kazımov müəssisənin fəaliyyəti, tədris-təlim imkanları, işəgötürən müəssisələr, tərəfdaşlar və layihələr barədə geniş məlumat verdi. Rəsmilərin və Mərkəzin uğurlu məzunlarının çıxışlarından sonra tədbir iştirakçıları tələbələrin hazırladığı əl işləri ilə, həmçinin Mərkəzin nizamnaməsinə müvafiq olaraq göstərə biləcəyi xidmətlərlə əyani surətdə tanış oldular.