Qaradağ rayonunda yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
25 fevral 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən Aşıq Rza Qobustanlı adına Qobustan Mədəniyyət Evində 26 fevral Xocalı soyqırımına həsr olunmuş 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdim etdiyi “Müdhiş gecədən – nurlu sabaha” adlı ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.
Tədbir 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinin nümayişi ilə başlamışdır. Nümayişdən sonra zalda Xocalı faciəsinin qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra tamaşa göstərilmişdir. Tamaşada 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə rus ordusunun 366-cı alayının köməyi ilə erməni millətçilərinin silahsız Xocalı sakinlərinə qarşı törətdikləri qəddarlıq və vəhşilik ifadə olunmuşdur. Tamaşa Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbə və ərazi bütövlüyünün tam təmin olunması epizodları ilə nikbin əhval-ruhiyyədə yekunlaşmışdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxış edərək tədbirdə iştirak edən şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, ümumiyyətlə tədbirdə iştirak edən tamaşaçılara minnətdarlığını bildirmişdir. Ətraflı təqdimata görə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə və geniş şərait yaratdığı üçün Mədəniyyət evinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.