Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda yenilənmə, ümid və həyatın davamlılığı kimi ümumbəşəri dəyərləri təcəssüm etdirən Pasxa bayramı münasibətilə tədbir keçirilmişdir.

16 aprel 2026 | 15:37

  Qaradağ rayonunda yenilənmə, ümid və həyatın davamlılığı kimi ümumbəşəri dəyərləri təcəssüm etdirən Pasxa bayramı münasibətilə tədbir keçirilmişdir.
 Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, axund Faiq Əhmədov, Qaradağ rayonunda yaşayan xristian dinli qazilər, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən sakinlər və rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər. 
   Tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. 
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək Müqəddəs Pasxa bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühit formalaşmış, tolerantlıq qorunub saxlanılmış, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiram təmin edilmişdir.
   Bildirilib ki, Pasxa bayramı yalnız dini bayram deyil, eyni zamanda yenilənmənin, ümidin, həyatın davamlılığının və mənəvi dirçəlişin rəmzidir. Vurğulanmışdır ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olmuşdur və bu ənənə xalqımızın mənəvi irsinin ayrılmaz hissəsidir. Bu siyasətin möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Azərbaycan Alban-Udi Xristian İcmasının sədri Robert Mobili çıxış edərək Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə təşkil olunmasını yüksək qiymətləndirmiş, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yerə malik olduğunu qeyd etmiş və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, vurğulamışdır ki, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından tam şəkildə istifadə edərək ölkəmizin inkişaf prosesində fəal iştirak edirlər. Qaradağ rayonunda da bu ənənələrin qorunub saxlanıldığı qeyd edilmişdir.
   Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında Azərbaycanı tolerantlığın yüksək səviyyədə təmin olunduğu ölkə kimi xarakterizə etmiş, tarixi ənənələrə söykənən dostluq münasibətlərindən danışmış və ölkəmizdə müxtəlif dinlərə və təriqətlərə hörmətin daim qorunduğunu diqqətə çatdırmışdır.
   Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov çıxış edərək bildirmişdir ki, müasir Azərbaycanda bütün millətlərin nümayəndələri qarşılıqlı anlaşma, dostluq və qardaşlıq şəraitində yaşayırlar. Müxtəlif etnik qrupların nümayəndələri öz doğma vətənlərində bərabər şəraitdə yaşayır, işləyir və öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. Onların adət-ənənələrini qoruyub saxlaması üçün hər cür şərait yaradılmışdır. Bu mühit Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. 
   Axund Faiq Əhmədov çıxış edərək bildirmişdir ki, Azərbaycan hər zaman müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı, tolerantlıq və multikultural dəyərlərin yüksək qiymətləndirildiyi məkan olmuşdur. Bu gün də Qaradağ rayonunda müxtəlif konfessiyalara mənsub insanlar qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayırlar ki, bu da cəmiyyətimizin ən böyük dəyərlərindən biridir. 
   Tədbir bədii və əyləncəli proqramla davam etmişdir.

 

 

Keçidlər