Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş tədbir keçirildi

14 iyul 2022 | 14:14

   14 iyul 2022-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 53-cü ildönümünə həsr edilmiş  tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, aparatın şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak  edirdilər.
   İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını  qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
   Sonra millət vəkili Aydın Hüseynov öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayandığından və  ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcəyindən danışdı.
   Tədbirdə çıxış edən millət vəkili Səbinə Xasayeva Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndərin siyasi fəaliyyəti və YAP-ın yaranmasından  bəhs etdi.
  Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirdi.  Çıxışının yekununda Heydər Əliyevi tək Azərbaycan Respublikasının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri kimi xarakterizə etdi.
    Sonda  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu,  bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir.

 

Keçidlər