Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

11 iyul 2024 | 12:58

   11 iyul 2024-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başladı, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olundu.
   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1969-cu il iyulun 14-də Heydər Əliyevin    Azərbaycana rəhbər seçilməsi barədə danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd etdi.
   Çıxış edən professor Anar İsgəndərov qeyd etdi ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirdi. Həmin dövrdə yaradılmış ədəbi mühitlə bağlı fikirlərini ümumiləşdirdi. Çıxışının yekununda Heydər Əliyevi tək Azərbaycan Respublikasının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri kimi xarakterizə etdi.
   Sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarına söykəndiyini qeyd etdi. Ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacağından danışdı.
Yekunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir.

Keçidlər