Qaradağ rayonunda Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “AÇIQ QAPI” günü keçirilib
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, mərkəzdə əsasən turizm, xalçaçılıq, aşpaz, bərbər, sənayenin müxtəlif sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Peşə təhsilinin zəruriliyi, şagirdlərin düzgün peşə seçiminin əhəmiyyəti, peşə seçimi və karyera, peşə təhsilinin perspektivləri haqqında danışılıb. Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları müxtəlif peşə sahələri üzrə öz məsləhət və tövsiyələrini verib və uğur hekayələrini bölüşüblər.
Mühəndis-pedaqoji heyət tərəfindən keçirilən ustad dərslərində qonaqlar aşpaz, qənnadıçı-şirniyyatçı, dülgər, qaynaqçı, tikişçi, xalçaçı və digər ixtisaslar haqqında məlumat alıblar. Emalatxanalar, dəzgahlar, sinif otaqları ilə tanış olublar.
İşəgötürən təşkilatların nümayəndələri çıxışlarında peşə təhsilinə marağın ildən-ilə artdığını vurğulayıblar. Qeyd edilib ki, ictimaiyyətin peşə təhsili haqda məlumatlandırılmasında belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
“Açıq qapı” günündə tələbələrin əl işləri də sərgilənib.