Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda su ehtiyatlarından səmərəli istifadənin təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir

19 fevral 2025 | 11:02

   Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, №320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2024–2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 9.3.3.2-ci bəndinin (“İnzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin genişləndirilməsi”) icrasının təmin edilməsi məqsədilə Qaradağ rayonunun qəsəbələrində ardıcıl maarifləndirici tədbirlər həyata keçirilir.
   Tədbirlərin əsas məqsədi əhalinin içməli su ehtiyatlarından səmərəli istifadəsi, tullantı və yağış sularının düzgün idarə olunması, eləcə də su itkilərinin qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasıdır. Maarifləndirici görüşlər zamanı iştirakçılara suyun həyat və ekosistem üçün strateji əhəmiyyəti, sudan qənaətlə istifadə vərdişlərinin formalaşdırılması, həmçinin mövcud infrastrukturun qorunmasının vacibliyi barədə ətraflı məlumat verilir.
   Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə bələdiyyə və icra nümayəndəliklərinin əməkdaşları, Mənzil-Kommunal İstismar Sahələrinin nümayəndələri, məktəblər və ictimaiyyət fəalları iştirak edirlər. Görüşlərdə “Yaşıl dünya naminə həmrəylik ili”nin məqsədləri ilə səsləşən fəaliyyətlərə xüsusi diqqət yetirilir və yerli səviyyədə ekoloji məsuliyyətin artırılması istiqamətində təşəbbüslər müzakirə olunur.
   Maarifləndirici tədbirlər çərçivəsində həmçinin təbliğat materiallarının paylanması, su qənaəti ilə bağlı təlimlərin təşkili, yerli icmaların iştirakı ilə interaktiv müzakirələr və su infrastrukturu ilə bağlı maarifləndirici təqdimatlar həyata keçirilir.
   Qaradağ rayonunda bu istiqamətdə aparılan işlər davamlı xarakter daşıyır və gələcəkdə digər qəsəbələri də əhatə etməklə su ehtiyatlarının qorunması və dayanıqlı idarəçiliyi sahəsində daha geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Keçidlər