Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olundu

29 dekabr 2025 | 13:30

   29 dekabr 2025-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olundu.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkili Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, rayon icra hakimiyyəti aparatının və hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak edirdi.

  Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

  Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2026-cı il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açdı. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirdi. Qeyd etdi ki, Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi elan olunmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə Konstitusiya müddəaları və suverenliyimizin tam bərpa olunmasında ölkə rəhbərimizin apardığı uğurlu siyasət ictimaiyyətə geniş şərh olunmuşdur.

   Çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirdi. Regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirdi. Rayonumuzda yenidən qurulan yollar, qəsəbələrin  abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı il “Şəhərsalma və Memarlıq İli”  elan olundu. Əminik ki, 2026-cı il xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacaqdır. 2026-cı ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söylədi.

   Millət vəkili Səbinə Xasayeva öz çıxışında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışdı. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladı. Uşaqları qayğızsız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onlara diqqət və qayğının artırılması, vətənpərpər, millətsevər və humanist ruhda tərbiyə olunması hər birimizin ən ümdə vəzifəsinə çevrilməli olduğunu qeyd etdi.

   Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev şəhid və qazi ailələrini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. 2026-cı ilin Azərbaycan xalqı üçün daha da düşərli olacağını qeyd etdi.

  Tədbir yeni il şənliyi ilə davam etdi. Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb oldular. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olundu.

  Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.   

 

Keçidlər