Qaradağ rayonunda qida təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirilib
Oktyabırın 10-da Qaradağ Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.2.6-cı bəndinin (heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikasının aparılması, onların optimallaşdırılması və modernləşdirilməsi) və 10.12.3-cü bəndinin (qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında qida məhsullarının təşviqat və maarifləndirmə işlərinin aparılması) icrasını təmin etmək məqsədi ilə Qaradağ rayonu ərazisində ət satışı məntəqələrində və ticarət obyektlərində monitorinqlər keçirilmişdir.
Monitorinq zamanı heyvan kəsimi məntəqələrində mövcud olan qida təhlükəsizliyi vəziyyətinin diaqnostikası aparılıb, ticarət obyektlərində qida məhsullarının saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması məsələləri diqqət mərkəzində saxlanılıb. Əhali arasında bu istiqamətdə maarifləndirici işlər görülüb.
Monitorinq çərçivəsində əhaliyə konservləşdirilmiş qidalar, qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qida vasitəsilə yayılan xəstəliklər haqqında maarifləndirici məlumatlar təqdim edilib.
Qaradağ rayonunda əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin olunması istiqamətində bu cür monitorinqlər mütəmadi olaraq davam etdiriləcəkdir.