Qaradağ rayonunda qanunsuz tikililər və torpaq zəbtinə qarşı tədbirlər görülüb
25 avqust 2025-ci il tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində aparılmış monitorinq zamanı naməlum şəxslər tərəfindən zəbt edilərək hasara alınmış torpaq sahəsi aşkarlanmışdır.
Qaradağ Rayon İcra Hakimiyyətinin müraciəti əsasında aidiyyəti qurumlar tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində torpaq sahəsi dərhal zəbt vəziyyətindən azad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı və qətiyyətli şəkildə davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti bildirir ki, şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcəkdir.






