Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
17 mart 2026-cı il tarixində Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olundu.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Şura üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Rayon rəhbərliyini qarşılayan Dədə Qorqud hamını Novruz bayramının gəlişi münasibəti ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri ilə birgə bayram tonqalını yandırdı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etdi, məktəblilər şeir oxudular.
Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq etdilər.
Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı. Tədbir rəngarəng bayram konserti ilə davam etdi.






