Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda narkomaniya əleyhinə mübarizə güclənib

04 iyul 2022 | 09:17

2022-ci il iyulun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzininin birgə təşkilatçılığı ilə “Qaradağ gəncləri narkotiklərə yox deyir!” devizi altında  “Narkomaniya ən təhlükəli sosial bəladır” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada YAP Qaradağ rayon təşkilatının fəalları, Qaradağ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və gənclərin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirdi ki, narkomaniya ilə mübarizə ümummilli məsələdir və bu problemin həllində bütün   dövlət və qeyri-dövlət orqanları: icra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyələr və siyasi partiyaların fəalları ilə  bərabər, elm-təhsil  və mədəniyyət müəssisələrinin, ictimai təşkilatların, QHT-lərin, mətbuatın  orqanlarının və ictimaiyyət nümayəndələrinin, bir sözlə hamının çiyninə   ağır yük düşür. O daha sonra qeyd edib ki, “44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən sonra qürur və iftixar hissləri ilə yaşayan xalqımız və günü-gündən müasirləşən, abadlaşan, yeni-yeni ağıllı şəhər və kəndlərin salındığı,işğaldan azad edilmiş ərazilərin ən müasir dünya standartları səviyyəsində bərpa olunduğu ölkəmizdə ağıllı bilikli və sağlam gənc nəsil yetişməlidir. Lakin bu gün cəmiyyətimizi narahat edən bir çox problemlər mövcuddur ki, onlardan da ən təhlükəlisi məhz narkomaniyadır. Bu günkü dəyirmi masanın məqsədi  həmin sosial bəlaya qarşı mübarizədə bütün qüvvələrin səfərbər olunmasını təşkil etməkdən ibarətdir”.

Daha sonra çıxış edən  Qaradağ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov narkomaniyanın Qaradağ rayonunda da ciddi problem olduğunu bildirdi və komissiyanın rayonun hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlər haqqında geniş məlumat verdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçisi Səmayə Şıxəliyeva narkomaniya ilə mübarizədə ailələrin və hər bir insanın, o cümlədən   hər birimizin üzərinə məsuliyyət  düşdüyünü bildirdi. O əlavə edib ki, bəzən narkotik aludəçiləri  bu bəlaya duçar olduqdan sonra öz valideynlərindən qorxaraq xəstəliyini gizlədir  və bunun isə fəsadı daha təhlükəli sonluğa gətirir. S.Şıxəliyeva “çalışmaq lazımdır ki, ailədə övladlar valideynlərinə güvənsinlər, problemlərini ata-anaları ilə bölüşsünlər”-deyərək fikrini tamamlayıb.

Qaradağ Rayon Polis İdarəsi rəisinin şəxsi heyət  üzrə köməkçisi, polis polkovnik-leytenantı Yaşar İsayev çıxışında narkomaniya ilə mübarizənin polis orqanları üçün prioritet sahələrdən biri olduğunu qeyd etdi. O bildirdi ki, polis orqanları tərəfindən ciddi tədbirlər görülür və bu məsələdə heç kimə güzəşt edilmir. Narkotik istifadəşiləri, istehsalçıları, alverçiləri tutularaq cəzalandırılır. Çıxışına davam edərək Y.İsayev bildirib ki hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bəzi hallarda narkotik istifadəçilərinin əməlləri cinayət məsuliyyəti yox, inzibati məsuliyyət kimi xarakterizə olunur. Bu halda belə, narkotik yayıcılarına  layiq olduğu cəzalar verilir. O qeyd edib ki, lakin tək tutmaq, cəzalandırmaqla bu problemi həll etmək mümkün deyil, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər də  effektlidir.

Qaradağ Rayon Prokurorunun böyük köməkçisi Nurlan Rəhmanov çıxışında narkotik vasitələrin satışı və yayılması ilə bağlı cəzalara, o cümlədən inzibati məsuliyyət və cinayət məsuliyyəti arasındakı fərqə aydınlıq gətirərək bildirdi ki, Avropa Konvensiyasına qoşulduğumuz üçün narkotikdən az miqdarda istifadə edən,   onun kiçik ölçüdə alqı-satqısını təşkill edən şəxslər əvvəlki kimi cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunurlar.  Bu da nisbətən yüngül cəzadır və təəssüf ki, hardasa narkomaniyanın genişlənməsinə rəvac verir.

Sonra çıxış edən Qaradağ Rayon Məhkəməsinin hakim köməkçisi Amil Mirzəliyev qeyd etdi ki, maarifləndirmə işini artırmaqla gənclərə izah etmək lazımdır ki, narkotika əyləncə deyil, insanın həyatını məhv edən əsrin bəlasıdır. O bildirdi ki, kimsə tərəfindən narkotiklərdən şəxsi istehlakdan artıq istifadə edildikdə həmin şəxslər  məsuliyyətə cəlb olunur və ona müvafiq cəza verilir. Bu zaman isə onun məhkumluğu, ailə vəziyyəti, səhhəti və s. parametrləri nəzərə alınır. A.Mirzəyev həmçinin azadlığın məhdudlaşdırılmasının azadlıqdan məhrumetmədən əvvəl gələn ən ağır cəza olduğunu da söylədi.

Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov qeyd edib ki, cəmiyyətdə hamı,o cümlədən də biz adətən narkomanlardan uzaq durur, onlardan qaçırıq. Lakin narkomanlardan qaçmağın çıxış yolu olmadığını qeyd edən N.İmanov  narkomanı tərbiyə etmək və sonradan bu cür insanları ant-narkomaniya kampaniyalarına qoşmağın vacibliyini bildirdi.

  Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən Rəqəmsal İdeya Müsabiqəsinin qalibi Türkanə Əliyeva  tədris ili başlayanda məktəblərdə silsilə maarifləndirici tədbirlər keçirilməsini təklif etdi. Məktəblilərlə bu sahədə aparılan işin  daha vacib olduğunu vurğulayan  Lökbatan bələdiyyəsinin üzvü Firuzə İsgəndərova hüquq-mühafizə orqanlarından həmin əraziləri xüsusi nəzarətdə saxlamalarını xahiş etdi. 

Dəyirmi masanı yekunlaşdıran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev aktual  mövzuda fəallıq göstərdiklərinə görə iştirakçılara təşəkkür etdi və YAP tərəfindən bu cür tədbirlərin gələcəkdə də mütamadi olaraq keçiriləcəyini bildirdi.

Keçidlər